Əmir Abdullahiyan və Bin Salman arasında keçirilən görüşün təfərrüatları ilə bağlı Səudiyyə Ərəbistanı xəbər agentliyinin xəbəri

Tehran – İRNA – Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi (Vikalət əl-ənba əl-Səudiyyə – VAS) bildirib ki, İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman iki ölkə arasındakı münasibətlərdə əməkdaşlıq və inkişaf yollarını müzakirə ediblər.

İRNA-nın cümə günü verdiyi xəbərə görə, VAS bu barədə yazıb: Əmir Abdullahiyan bu görüşdə ölkəmizin prezidenti Ayətullah Seyid İbrahim Rəisinin salam, minnətdarlıq və təşəkkürünü bin Salmana və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizə çatdırıb.

Məlumata əsasən, bin Salman da ölkəsinin kralının təşəkkür və minnətdarlığını Əmir Abdullahiyana bildirib.

VAS daha sonra bin Salman və Əmir Abdullahiyan arasındakı müzakirə mövzuları haqqında yazıb: Görüşdə Səudiyyə Ərəbistanı ilə İİR arasında əlaqələr, iki ölkə arasında gələcək əməkdaşlıq imkanları və onun inkişaf yolları dəyərləndirildi.

Səudiyyə xəbər agentliyi həmçinin tərəflərin regional və beynəlxalq arenada baş verənləri və bu istiqamətdə görülən səyləri müzakirə etdiklərini açıqlayıb.

Görüşdə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan, ölkəmizin Ər-Riyaddakı səfiri Əli Rza İnayəti, Xarici İşlər Nazirliyinin mərasimlər üzrə yeni baş direktoru Möhsün Mürtəzaifər və İİR-in Ər-Riyaddakı səfirinin vəzifələrini icra edən Həsən Zərneqar iştirak ediblər.

Sizin rəyiniz

You are replying to: .